EHerrac - İstifadəçi şərtləri və qaydaları

İstifadəçi şərtləri və qaydaları

1. Ümumi müddəalar

1.1. Şəxs “Elektron hərrac” Portalında (bundan sonra - Portal) daxil ol düyməsini sıxmaqla digital.login vasitəsilə şəxsi kabinet yaradaraq elektron hərracın keçirilməsi qaydaları, prosedurları və şərtləri ilə tanış olduğunu və razılaşdığını, həmçinin, “İcra haqqında” və digər Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hüquq və vəzifələrinin yarandığını təsdiq edir.

1.2. Portal www.eherrac.com internet saytı vasitəsilə fəaliyyət göstərir

1.3. Hərraclar, məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı əmlakın hərracda satılması yolu ilə tələbin ödənilməsi məqsədilə icra məmurlarının sifarişi əsasında həyata keçirilir.

1.4. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, həmin Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında, eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 24.10.2024-cü il tarixli 1-N nömrəli Qərarı ilə təsdiq edilmiş “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”na uyğun təşkil edilir və keçirilir.

1.5. Qaydaya və müqavilənin şərtlərinə əsasən icra məmurlarının sifarişi əsasında hərraclar Portal üzərindən elektron həyata keçirilməlidir.

1.6. İcra məmurları tərəfindən hərracın keçirilməsi ilə bağlı təqdim olunan sifarişlər Portal vasitəsilə avtomatik və təsadüfi bölgü qaydasında bölüşdürülərək hərrac təşkilatlarına həmin Portal üzərindən təqdim edilir.

1.7. Hərrac açıq auksion formasında elektron keçirilir.

1.8. Hərracda mülki hüquq fəaliyyət qabiliyyətli fiziki və hüquqi şəxslər, o cümədən icra sənədi üzrə borclu və tələbkar Portalda elektron kabinet yaratmaqla iştirak edə bilərlər.

1.9. Hərracın keçirilməsini sifariş edən icra məmuru, onun qulluq etdiyi icra qurumunun, hərrac təşkilatçısının və Portalın sahibinin, onun operatorunun əməkdaşları, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxs və qeyd olunan şəxslərin Azərbaycan Respublikasının Ailə Məcəlləsində dairəsi müəyyən edilən yaxın qohumları birbaşa və ya dolayı yolla həmin hərracda alıcı qismində iştirak edə bilməzlər.

1.10. Aşağıdakı hallarda şəxsin hərracda iştirakına yol verilmir:

1.10.1. şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti olmadıqda;

1.10.2. beh tam ödənilmədikdə və ya beh məbləğində bank qarantiyası təqdim edilmədikdə;

1.10.3. hüquqi şəxs ləğv prosesində olduqda, fəaliyyəti dayandırıldıqda, yaxud müflis elan olunması üzrə məhkəmə icraatı başlandıqda;

1.10.4. şəxs eyni hərrac predmeti üzrə əvvəlki hərracın qalibi olduqda, lakin əmlakın satış qiymətini ödəmədikdə, yaxud əmlakı təklif etdiyi qiymətə almaqdan imtina etdikdə;

1.10.5. müraciət elanda göstərilən müraciətlərin qəbulu müddəti qurtardıqdan sonra təqdim edildikdə

2. Portalda qeydiyyat şərtləri

2.1. Fiziki və hüquqi şəxs Portalda yalnız digital.login vasitəsilə qeydiyyatdan keçə bilər

2.2. Qeydiyyatın son mərhələsində sistem qeydiyyat formasında göstərilən mobil telefon nömrəsinə aktivasiya kodunu və vebsaytın E-mail ünvanına keçidini göndərir. Qeydiyyat prosesi brauzerdə göstərilən linkin açılması və aktivasiya kodunun daxil edilməsi ilə başa çatdırılmalıdır

2.3. Portalda qeydiyyat ödənişsizdir.

3. Elektron hərracda iştirak

3.1. Şəxs qeydiyyatdan keçdikdən sonra hərraca çıxarılan əmlakla bağlı beh və iştirak haqqını ödədikdən sonra hərracda iştirak edə bilər.

3.2. Hər bir hərrac (lot) üzrə iştirak haqqı 15 AZN-dir.

3.3. Hərracda iştirak üçün behin məbləği daşınmaz əmlaka və ipoteka predmeti olan əmlaklara münasibətdə minimum (və ya likvid) satış qiymətinin 5 faizi, daşınar əmlaka münasibətdə isə həmin qiymətin 10 faizi həcmində müəyyən edilir.

3.4. Hərrac iştirakçıları hərracın davam etdiyi müddətdə istənilən vaxt hərraca qoşula bilərlər.

3.5. Hərrac iştirakçılara elektron bildirişdə göstərilən tarixdə və vaxtda hərracın predmeti olan əmlakın ilkin qiyməti və minimum satış qiyməti göstərilməklə “hərrac başlandı, minimum satış qiymətindən az olmayan qiymət təklif et” elanı ilə avtomatik olaraq başlanır. Hərrac 7 təqvim günü müddətində davam edir. Hərracın ilk 6 günü ərzində iştirakçılara hər gün maksimum 3 təklif təqdim etmək hüququ verilir. Hərracın sonuncu — 7-ci günü ərzində isə iştirakçıların təkliflərinin sayına məhdudiyyət tətbiq olunmur və onlar limitsiz sayda təklif təqdim edə bilərlər.

3.6. Hərracın keçirilməsinə 1 iş günü qalanadək iştirakçılara icra məmuru tərəfindən satışa çıxarılan əmlakla tanış olmaq üçün imkan yaradılır

3.7. Aşağıdakı hallarda hərrac baş tutmamış sayılır:

3.7.1. hərracın iştirakçısı olmadıqda;

3.7.2. hərracda iştirak edən şəxs(lər) tərəfindən hərrac bitənədək təklif verilmədikdə;

3.7.3. icra məmuru “İcra haqqında” Qanunun 17, 20, 23, 53.3 və ya 70.4-cü maddələrində müəyyən edilən əsaslar üzrə icra sənədi üzrə icraatı hərracın nəticələrinə dair yekun protokol tərtib edilənədək dayandırdıqda və ya xitam verdikdə, həmçinin icra sənədini qaytardıqda hərrac baş tutmamış sayılır.

3.8. Hərrac baş tutmadıqda, şəxsin hərracın iştirakçısı kimi qeydə alınmasından imtina edildikdə, qeydə alınmış iştirakçı hərracda iştirakdan imtina etdikdə, habelə hərracın qalibi olmayan iştirakçıların beh məbləğləri 7 təqvim günü müddətində geri qaytarılır.

3.9. Hərrac baş tutmadıqda, yaxud nəticələri ləğv edildikdə növbəti (təkrar) hərracın keçirilməsi üçün avtomatik elan verilir. Həmin elanda əvvəlki hərracın baş tutmadığı, yaxud nəticələrinin ləğv olunduğu və bunun səbəbi barədə məlumat öz əksini tapmalıdır.

3.10. Təkrar hərracların sayı 2-dən artıq ola bilməz.

3.11. Hərracın gedişində texniki problem yarandıqda, iştirakçılara bu barədə bildiriş göndərilir və problem aradan qaldırılanadək hərrac dayandırılır. Dayandırılmanın müddəti 30 dəqiqədən artıq ola bilməz. Texniki problemi aradan qaldırmaq mümkün olmadıqda isə hərrac növbəti gün davam etdirilir

3.12. Hərracı udan, lakin 7 təqvim günü müddətində əmlakın alış qiymətini, hərrac üzrə xidmət haqqını ödəməyən şəxsin behi qaytarılmır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin behi 7 təqvim günü müddətində geri qaytarılır.

3.13. İştirakçı konkret lotu seçərək onu “kabinetə” daxil edə bilər və oradan lot üzrə seçim edərək hərracda iştirak edə bilər. Elektron hərrac portalında iştirakçıların sayı məhdud deyil. Digər iştirakçıların şəxsiyyəti iştirakçıya açıqlanmır

3.14. Əmlakın qiymətinin (likvid və ya minimum satış qiymətinin) minimum 1%-i, maksimum 3%-i olmaqla təklif verilə bilər.

3.15. İştirakçı təklifi hərracın müddətinin başa çatmasının sonuncu dəqiqəsində verdikdə hərracın müddəti 5 dəqiqə uzadılır. Həmin 5 dəqiqə ərzində yenidən təklif verildikdə hərracın keçirilməsi müddəti bu təklifin verildiyi vaxtdan daha 5 dəqiqə uzadılır. Bu proses sonuncu təklifin verilməsindən 5 dəqiqə ərzində yeni təklif verilməyənədək davam edir.

3.16. İpoteka predmeti olmayan əmlaklarla bağlı ilk hərracın keçirilməsi zamanı satışa çıxarılan əmlakın ilkin qiymətinin ən azı 70 faizini (minimum satış qiyməti), ikinci hərracda ilkin qiymətinin ən azı 60 faizini (minimum satış qiyməti), üçüncü hərracda isə ən azı 50 faizini (minimum satış qiyməti) təşkil edən təklif verildikdə hərrac baş tutmuş hesab edilir.

3.17. İpoteka predmeti olmayan əmlaklarla bağlı hərraca çıxarılan əmlakı minimum satış qiyməti ilə almağa razılıq verən yalnız 1 iştirakçı olduqda həmin iştirakçı, iki və ya daha çox iştirakçı olduqda isə ən yüksək məbləği təklif edən iştirakçı hərracın qalibi hesab edilir.

3.18. Elektron hərrac başa çatdıqdan sonra Portal şəxsin elektron kabinetinə müvafiq bildiriş göndərir

3.19. Qalib və ya əmlakı əldə edən icra sənədi üzrə tələbkar tərəfindən əmlakın son satış qiymətinin 3%-i məbləğində elektron hərracın keçirilməsi üzrə xidmət haqqı ödənilməlidir. Xidmət haqqı heç bir halda qaytarılmır.

3.20. Qalib alıcı və ya əmlakı əldə edən tələbkar tərəfindən hərrac üzrə xidmət haqqı, Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən olunmuş vergilər və əmlakın tam dəyəri ödənildikdən sonar ona Portal tərəfindən hərracın nəticələrinə dair elektron Protokol təqdim edilir

3.21. İştirakçı hərracda şəxsən iştirak etməlidir. İştirakçı hərrac başlayanadək hərracda iştirakdan imtina edə bilər.

4. Tərəflərin hüquq və vəzifələri

4.1. Portalın aşağıdakı hüquqları vardır:

4.1.1. hərracın keçirilməsi prosedurları ilə bağlı hər hansı dəyişikliyi internet saytında yükləmək;

4.1.2. texniki problem, səhv, qeyri-dəqiqlik, şəxsin qeyri-qanuni hərəkəti və digər səbəblərə görə istənilən xidməti dayandırmaq;

4.1.3. şəxsin bu şərtlərin tələblərini pozan hərəkətlərə yol verdiyinə şübhə yarandıqda, müştərinin qeydiyyatını və internet saytına girişini dayandırmaq və ya ləğv etmək;

4.1.4. şəxsin bütün fəaliyyətinə nəzarət etmək və hər hansı pozuntu aşkar edildikdə müvafiq tədbirlər görmək.

4.2. Portalın aşağıdakı vəzifələri vardır:

4.2.1. portalın fasiləsiz fəaliyyətinin təmin edilməsi;

4.2.3. şəxslərin şəxsi kabineti üzrə məlumatların məxfiliyinin təmin edilməsi.

4.3. İştirakçının aşağıdakı hüquqları vardır:

4.3.1. əmlakı seçmək və satın almaq üçün təklif vermək;

4.3.2. əmlakla tanış olmaq (hərracın keçirilməsinə 1 iş günü qalanadək iştirakçılar satışa çıxarılan əmlakla tanış ola bilərlər);

4.3.3. əmlakı aldıqdan sonra onu əldə etmək;

4.3.4. istənilən vaxt şəxsi profilini yeniləmək;

4.3.5. hərrac başlayanadək hərracda iştirakdan imtina etmək.

4.4. İştirakçının aşağıdakı vəzifələri vardır:

4.4.1. hərracın keçirilməsi ilə bağlı şərtlərə və qaydalara riayət etmək;

4.4.2. hərracın predmeti olan əmlak mülki dövriyyəsi məhdudlaşdırılmış əmlak olduqda onun əldə edilməsi üçün xüsusi icazəni təqdim etmək;

4.4.3. qalib olduqda əmlakın tam dəyərini və digər müəyyən olunmuş ödənişləri vaxtında ödəmək;

4.4.4. əmlakın qiymətinin süni şəkildə qaldırılması hallarına yol verməmək;

4.4.5. hərracda şəxsən iştirak etmək.

5. Elektron hərracın nəticələri

5.1. Hərracı keçirilən əmlak ipoteka predmeti deyildirsə:

5.1.1. ilk hərracın keçirilməsi zamanı satışa çıxarılan əmlakın ilkin qiymətinin ən azı 70 faizini (minimum satış qiyməti), ikinci hərracda ilkin qiymətinin ən azı 60 faizini (minimum satış qiyməti), üçüncü hərracda isə ən azı 50 faizini (minimum satış qiyməti) təşkil edən təklif verildikdə hərrac baş tutmuş hesab edilir;

5.1.2. hərraca çıxarılan əmlakı minimum satış qiyməti ilə almağa razılıq verən yalnız 1 iştirakçı olduqda həmin iştirakçı, iki və ya daha çox iştirakçı olduqda isə ən yüksək məbləği təklif edən iştirakçı hərracın qalibi hesab edilir;

5.1.3. hərracın iştirakçısı olmadıqda, hərracda iştirak edən şəxs(lər) tərəfindən hərrac bitənədək təklif verilmədikdə, icra məmuru “İcra haqqında” Qanunun 17, 20, 23, 53.3 və ya 70.4-cü maddələrində müəyyən edilən əsaslar üzrə icra sənədi üzrə icraatı hərracın nəticələrinə dair yekun protokol tərtib edilənədək dayandırdıqda və ya xitam verdikdə, həmçinin icra sənədini qaytardıqda hərrac baş tutmamış sayılır.

5.2. Hərracı keçirilən əmlak ipoteka predmetidirsə:

5.2.1. hərraca çıxarılan ipoteka predmeti ilə bağlı ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır;

5.2.2. hərracda iki nəfərdən az alıcı iştirak etdikdə, hərracın iştirakçısı olmadıqda, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokolu imzalamaqdan imtina etdikdə hərrac baş tutmamış sayılır.

5.3. Müəyyən olunmuş ödənişlər tam ödənildiyi gün hərracın nəticələri haqqında protokolun nüsxəsi hərracın qalibinin elektron kabinetinə göndərilir.

5.4. Hərrac vasitəsilə satılmış əmlakın hərracın qalibinə (tələbkara) onun müraciəti əsasında təhvil verilməsi, icra məmuru tərəfindən 5 iş günü müddətində qəbul-təhvil aktı əsasında həyata keçirilir.

We use cookies to enhance your browsing experience, serve personalized ads or content, and analyze our traffic. By clicking "Accept", you consent to our use of cookies. daha çox öyrən Qəbul et